Xərclərin ödənilməsi

Sual: Kimin xərclərini ödəmək vacibdir?

Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun fəqir olmasıdır. Belə ki, yaşayışı üçün yemək, libas, yataq, yaşayış yeri kimi zəruri ehtiyaclarını ödəməyə imkanı olmasın. Qohumun xərclərinin ödənilməsinin müəyyən ölçüsü yoxdur. Onların yemək, libas, yataq, yaşayış yeri kimi möhtac olduqları həyat üçün zəruri ehtiyacları, zaman və məkan cəhətdən şəninə uyğun olaraq təmin etmək vacibdir. Əgər qohumlarının xərclərini ödəmək ona vacib olan şəxs bundan boyun qaçırarsa, haqqı olan şəxs hətta, zalim hakimə müraciət etməklə olsa belə,  onu məcbur edə bilər. Əgər bu yolla onu məcbur edə bilmirsə və onun malı varsa, şəriət hakiminin icazəsi ilə onun malından ehtiyacları miqdarında götürə bilər. Bu da mümkün olmasa, şəriət hakiminin icazəsi ilə onun (fəqir valideyinin və ya övladının xərclərinin ödənilməsi öhdəsində olan şəxs) adından borc alması icazəlidir. Bununla da borc onun öhdəsində olur və borcun ödənilməsi ona vacibdir. Əgər şəriət hakiminə müraciət etmək çətin olarsa, bəzi ədalətli möminlərə müraciət edərək onun adından borc ala bilər. Bu halda da borcun ödənilməsi ona vacibdir. Əgər pak dinin, onun müqəddəs hökmlərinin və müsəlmanların şərəfinin və ya ölkələrinin qorunması bir və ya bir neçə şəxsin öz mallarından xərc çəkməsindən asılı olarsa, bu xərci çəkmələri vacibdir. Bu yolda xərc çəkən şəxs sonradan başqa birindən çəkdiyi xərcin geri qaytarılmasını nəzərdə tutmağa və ya bu məqsəd üçün çəkilən xərcin əvəzinin tələb etməyə haqqı yoxdur.

Sual: Fəqir qohumun xərclərinin ödənilməsinin vacib olma şərtləri hansılardı?

Cavab: Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun fəqir olmasıdır. Belə ki, yaşayışı üçün yemək, libas, yataq, yaşayış yeri kimi zəruri ehtiyaclarını ödəməyə imkanı olmasın. Əgər qohum şəriət baxımından fəqir hesab olunsa da, yəni, bir illik azuqəsi olmasa da, öz ehtiyaclarını təmin etməyə imkan tapırsa, onun xərclərini ödəmək vacib deyil. Amma ehtiyaclarını ödəməyə imkanı olmayan fəqir qohum dilənməklə öz ehtiyaclarını təmin etsə də, bu, onun xərclərinin ödənilməsinin vacib olmasına maneə yaratmaz. Əgər (insanlardan) kömək istədiyi təqdirdə ona mövcud ehtiyaclarının təmin olunması miqdarında mal verərlərsə, onun xərclərini ödəmək qohumuna vacib deyil. Həmçinin, əgər xüms, zəkat və sədəqə kimi fəqirlərə ayrılmış paydan öz ehtiyaclarını təmin edə bilirsə, hökm eynidir. Əgər məşəqqət və çətiniliklə yaxud sonradan ödəyə bilməyəcəyi ehtimalı ilə - əsaslı ehtimal olmadan - borc ala bilərsə və yaxud çətinlik olmadan və ödəməyə imkan olduğu təqdirdə borc almağa imkanı olarsa, zahirə əsasən, onun xərclərinin ödənilməsi vacib deyil. Əgər bir sənət və peşə öyrənməklə xərclərini təmin edəcək qədər qazanc əldə etməyə qüdrəti olduğu halda sənət və ya peşə öyrənmədiyi üçün xərclərini təmin edə bilmirsə, öyrənənədək onun xərclərini ödəmək qohumuna vacibdir. Həmçinin ağır yük daşımaq kimi məşəqqətli və yaxud bəzi insanların şəninə münasib olmayan bəzi işlər kimi şəninə münasib olmayan bir işlə məşğul olaraq xərclərini ödəməyə imkanı olduğu halda işləməsə, yenə də qohumuna onun xərclərini ödəmək vacibdir. Amma şəninə uyğun bir işlə məşğul ola bilərsə, məsələn, ağır yükləri daşımağa qüdrəti çatan güclü insan olarsa və yaxud şəninə uyğun iş tapa biləcək şəxslərdəndirsə, həmçinin müəyyən peşə və sənətləri bacaran, lakin rahatlıq üçün işləməyən kəslərdəndirsə, zahirə əsasən, onun xərclərini ödəmək qohumuna vacib deyil. Bəli, əgər onun kəsb zamanı bitərsə, bir və ya bir neçə gün xərclərini təmin etmək üçün imkanı olmasa, hətta bu acizlik onun seçimi nəticəsinda baş verərsə, onun xərclərini ödəmək vacibdir. Məsələn, kəsb etməyi rahatlıq üçün deyil, dünyəvi və ya bilməsi vacib olan elm öyrənmək kimi əhəmiyyətli dini işlər üçün tərk edərsə, buna görə onun xərclərinin ödənilməsinin vacibliyi hökmdən düşməz.

Sual: Qurani-kərimdə Allah yolunda xərcləmək barədə bəhs edən ayələr və Məsumlardan (ə) sədəqə və xərclərin ödənilməsi barədə nəql olunan hədislərdən bəzilərini qeyd edin.

Cavab: Allah-təala öz şanlı kitabında bizi Onun yolunda xərcləməyə təşviq etmiş və bu əməli xəsarətə uğramayan ticarət adlandırmışdır.

Allah-təala şanlı kitabında buyurmuşdur:

“Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən (kərəmindən) onlara artırsın! Həqiqətən, (Allah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükür müqabilində bol nemət əta edər)”. (Fatir surəsi, ayə 29,30).

Həmçinin başqa bir surədə buyurub:

“Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!” O gün (qiyamət günü, ya Peyğəmbər!) mömin kişilərin və qadınların (səmimi etiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını (qıl körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)! (Hədid surəsi, ayə 11).

Üçüncü bir ayədə isə Allah-təala bizə fürsət fövtə getmədən əvvəl Onun yolunda xərcləməyə tələsməyi buyurmuşdur:

Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.

Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.

Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (Munafiqun surəsi, ayə 9,10,11).

Sonra Allah-təala bizə mallarını yığıb toplayan və Allah yolunda xərcləməyən insanların barəsində söz açaraq onların aqibətinin qorxulu və dəhşətli olacağını bəyan edir :

“(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!

O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!)”. (Tövbə surəsi, ayə 34, 35).

İmam Əli (ə) İslamın əzəmətli prinsiplərini canlandıraraq bu fani dünyada zahid həyatı sürərək dünyanın bər-bəzəklərindən və zinətindən üz cevirib bütün müsəlmanların beytulmalı ixtiyarında olduqda belə sahib olduğu hər şeyi Allah yolunda xərcləmişdir. Möminlərin əmiri olan Əli (ə) öz halını vəsf edərək buyurmuşdur: “İstəsəm balın ən safına, buğdanın ən yaxşısına və ipəkqurdunun toxuduğu ən yaxşı ipəyə yol taparam. Lakin əsla həvayi-nəfsim mənə qalib ola bilməz, məhrumiyyətim məni ən gözəl yeməklər əldə etməyə sövq etdirə bilməz. Bəlkə Hicazda   və ya Yəmamədə bir tikə çörək tapmayan və toxluq nə deməkdir bilməyən biri var. Ətrafımda ac qarınlar və susuz ciyərlər olduğu halda qarnı dolu yata bilərəmmi? Yoxsa “ətrafında (yəmək üçün) qurudulmuş dəri parçasına möhtac olanlar olduğu halda toxqarına yatırsansa bu sənin xəstə olmağın üçün yetərlidir” deyilən şəxs kimi olum?”

Həzrət Peyğəmbər (s) və imamlardan (ə) Allah yolunda malını xərcləyən şəxsin mal və övladın fayda verməyəcəyi Qiyamət günü gözlədiyi böyük mükafatdan əlavə olaraq, hələ bu dünyada əldə etdiyi mənfəətlər barədə çoxlu hədislər nəql olunmuşdur.

- Allah yolunda malını xərcləyən şəxsin əldə etdiyi mənfəətlərdən biri ruzidir.

Həzrət Peyğəmbər (s) buyurub: “Sədəqə verməklə ruzinin verilməsinə səbəb olun”.

- Həmin mənfəətlərdən biri xəstəliyin əlacıdır.

Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Xəstələrinizi sədəqə verməklə müalicə edin!”

-  Malını Allah yolunda xərcləyənin əldə etdiyi mənfəətlərdən biri də uzun ömr və pis ölümün dəf olunmasıdır.

İmam Məhəmməd Baqir (ə)-ın belə buyurduğu nəql olunur: “Yaxşılıq və fəqirlik ömrü uzadar və sahibindən 70 növ pis ölümü dəf edər”.

-  Həmin mənfəətlərdən biri də borcun ödənilməsi və bərəkətdir.

İmam Cəfər Sadiq (ə) buyurub: “Sədəqə borcu ödəyər və bərəkət gətirər”.

Sədəqə verən kəsin əldə etdiyi mənfəətlərdən biri də onun vəfatından sonra övladların yaxşı halda olmasıdır.

İmam Sadiq (ə) buyurub: “Hər hansı bir bəndə dünyada sədəqə verərsə, Allah ondan sonra övladlarının vəziyyətini yaxşılaşdırar”. Həmçinin İmam Məhəmməd Baqir (ə) buyurub: “Müsəlman ailələrdən birinin dolanışığını təmin etmək, qarınlarını doyurmaq, əyinlərini geyindirmək və insanlara əl açaraq dilənməkdən onları qorumaq mənim üçün 3 dəfə ardıcıl həcc ziyarəti etməkdən, hətta 10 dəfə belə həcc ziyarətindən, hətta 70 dəfə belə həcc ziyarəti etməkdən daha sevimlidir”.

Allah yolunda xərcləmək geniş mövzudur və qısa cavabda onu əhatə etmək mümkün deyil.