Mükafatlar

Sual: Banka əmanət qoymaqla 25000 dinar məbləğində mükafat udmuşam. Qeyd olunan məbləğdən istifadə etmək halaldırmı?

Cavab: Əgər mükafatın uduşu əmanət qoymaqla şərtlənməyibsə mükafatı almağın icazəlidir.

Sual: Televiziya kanallarında, telefon vasitəsi ilə keçirilən müsabiqələrdə iştirak etmək və mükafat qazanmağın hökmü nədir?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual: Gənclər uduşlu müsabiqələrdə iştirak edirlər. Müsabiqədə iştirak edən insanlara (müəyyən məbləğ müqabilində) suallar yazılmış vərəqələr paylanılır. Suallara cavab verildikdən sonra böyük mükafatı qazanmaq üçün püşk atılır. Bu icazəlidirmi? Həmin məbləği vərəqənin qiyməti hesab etmək olarmı?

Cavab: Əgər ehtimal olunan mənfəət müqabilində deyil, sadəcə keçirilən müsabiqəyə kömək və ya müsabiqədə iştirak etmək məqsədi ilə pul ödənilərsə, həmin vərəq qiymətli kağız hesab olunursa, (sonra öz qiymətini itirmir və geri qaytarıb məbləği almaq olarsa) heç bir eybi yoxdur.

Sual: Hökümət banklarının verdiyi pul mükafatlarının hökmü nədir?

Cavab: Mükafatı alan şəxs, hətta zəngin olsa belə, şəriət hakiminin icazəsi ilə tamamilə və ya qismən həmin mükafatdan istifadə etməsi icazəlidir. Çünki dəlillərə əsasən şəriət hakimi sahibi məlum olmayan mülkiyyətin sahibidir və həmin mülkiyyətin ixtiyarı onun əlindədir. Lakin həmin məbləğin yalnız sədəqə verilməsi qaydasına əsasən onu öz ehtiyacları üçün sərf etməyə haqqı yoxdur. Yalnız müstəhəq olan bəzi fəqirlərin həmin malı sədəqə ünvanı ilə qəbul edib sərf etməsinə razılığı olarsa, icazəlidir.

Sual: Banklarda püşk atma yolu ilə qazanılan mükafatı almaq icazəlidirmi?

Cavab: Bəzən banklar öz əmanətçiləri arasında püşk atır. Püşk vasitəsi ilə adı məlum olan şəxsə mükafat adı ilə müəyyən məbləğ verir ki, insanları həmin banka əmanət qoymağa rəğbətləndirsinlər. Bankların belə bir iş görməsi icazəlidirmi? Bu məsələdə  müfəssəl izah vardır.

Əmanətçilər pullarını banka qoyarkən bankla əvvəlcədən belə bir şərt kəsməməlidirlər. Bank bu işi sadəcə daha çox əmanətçi toplamaq və insanların hesab açmaları üçün onları təşviq edib rəğbətləndirmək məqsədi ilə etməlidir. Bu halda həmin iş icazəlidir. Əgər bank hökümət və ya müsəlman ölkəsində yerləşən müştərək bankdırsa, şəriət hakiminin icazəsi ilə adı püşkdə çıxan şəxsin mükafatı alıb sərf etməsi icazəlidir.  Əgər bank şəxsi olarsa, şəriət hakiminin icazəsinə ehtiyac olmadan mükafatı alıb istifadə etmək olar. Lakin bankın püşk atması və mükafat verməsi borc müqaviləsində əmanətçilərin şərti əsasında şərtə vəfa etmək ünvanı ilə olarsa, bu iş icazəli deyil. Həmçinin adı püşkdə çıxan şəxsin həmin şərtə vəfa etmək ünvanı ilə mükafatı alması icazəli deyil. Şərt olmadıqda isə icazəlidir.

Sual: Əgər azyaşlı övladım mükafat qazanarsa, həmin mükafatı mütləq surətdə sərf etmək icazəlidirmi?

Cavab: Yalnız onun ehtiyacları üçün sərf etmək olar.

Sual: İdman federasiyası hər hansı bir idman oyunun yarışını təşkil edir. Əvvəlcədən pul mükafatı təyin edib yarışdan əvvəl bunu elan etməsi, girov və ya qumar hesab olunurmu?

Cavab: Yarışı təşkilatçısı tərəfindən qalib gələn şəxs üçün mükafatın təyin olunmasının öz-özlüyündə heç bir maneəsi yoxdur.

Sual: Müsəlman bir şəxs loteraya bileti ilə mükafat qazanmışdır. Mükafatı aldıqdan sonra bir hissəsini xeyriyyə məqsədi ilə sərf etmək qərarına gəlir. Bu məqsədlə həmin məbləği alıb müsəlmanların xeyri üçün sərf etmək olarmı? Əgər mükafatı qazanan şəxsin hələ mükafatı qazanmadan əvvəl qazanacağı təqdirdə onu  müsəlmanların xeyri üçün sərf etmək niyyətində olarsa, hökm fərqli olurmu?

Cavab: Əgər həmin məbləğ mülkiyyət hüququ toxunulmaz olmayan (kafir kimi) insanlara aid olarsa, onun sərf olunması icazəlidir.