Ayı görməklə bağlı sorğu

Sual: Xahiş edirəm sualımı möhtərəm Seyidə çatdırın!

Məgər bayram hilalının görünməsi ilə bağlı dünya səviyyəsində şayə yayılmadımı? Niyə Seyid cənabları buna etimad etmədi? Möhtərəm Seyidin ay məsələsində bu qədər ehtiyat etməsi həddən ziyadə deyilmi? Məgər o, bununla insanların bayram günü oruc tutmalarına səbəb olmaqdan qorxmurmu? Möhtərəm Seyidin ayı görmək məsələsində ehtiyat etməsi daha yaxşı olmazmı ki, camaat da başqa müctəhidlərin fətvasına əməl edə və bununla da möminlərin üzləşdiyi çıxılmaz vəziyyət aradan qalxa, eyni ailədə ikitirəlik baş verməyə? Belə ki, yaşlılar Seyid Xoyiyə, onların övladları isə möhtərəm Seyidə təqlid edirlər və indi biz ataların bayram etdiyini, övladların isə oruc tutduğunu görürük. Çox sağ olun!

Allahın adı ilə

1. Hansı dünya səviyyəli şayədən danışırsınız? Güman ki, siz, cümə axşamı günü ayın göründüyünü bəyan edən əksər müctəhidlərin bu məsələdə, eyni üfüq amilinə əsaslanaraq, ayın Avstraliya və Afrikada görünməsinə etimad etdiklərini bilmirsiniz. Onların bəziləri ayın teleskopla görünməsinin yetərli olduğunu, bəziləri də şəriət hakimi tərəfindən ayın görünməsilə bağlı verilən hökmün etibarlı sayıldığını əsas götürürlər. Hörmətli Seyid isə (kölgəsi üstümüzdən əskik olmasın!), bunların heç birini əsas bilmir.

Ola bilsin sənin xəbərin yoxdur ki, Əhsada, Qətifdə (Səudiyyə Ərəbistanının şiələr yaşayan vilayətləri), Küveytdə, İraqda və regionun sair bölgələrində, aralarında ayın doğduğu yeri dəqiq bilənlərin də olduğu, yüzlərlə insan cümə axşamı gecəsi yaxınlaşdırıcı cihazlarla ayı görməyə çalışsa da, bu onlara müyəssər olmamışdır. Lakin bununla yanaşı, aralarında adil və inanılmış insanların da olduğu deyilən, digər şəxslər də ayı gördüklərini iddia etmiş və regionun bəzi vəkilləri (müctəhidlər tərəfindən oraya təyin edilmiş nümayəndələr) də onlara etimad göstərmişlər. Bu isə, (ayın göründüyünü) təsdiqləyən və inkar edən şəhadətlər arasında ziddiyyət baş verdiyi üçün, möhtərəm Seyidin istinad etdiyi əsaslarla uyğunlaşmır. Belə ki, bu xüsusda İmam Cəfər Sadiq (ə)-dan nəql olunmuş bir səhih hədisdə o Həzrət belə buyurmuşdur: ”Onu (ayı) bir nəfər gördükdə, yüz nəfər də görər, yüz nəfər gördükdə isə min nəfər də görər”.

2. Güman ki, siz, bayram günü oruc tutmağın haramlığının zati deyil, təşrii haramlıq olduğunu bilmirsiniz, yəni həmin gün, onun bayram olduğunu bilməyən şəxs oruc tutduqda real olaraq haram iş görmüş olmur. Amma Ramazan ayından sayılan bir gündə orucu pozmağın haramlığı məsələsində bunun əksidir. Belə ki, hər hansı bir şəxs səhvən Ramazan ayının sonuncu gününü bayram hesab edərək oruc tutmasa, belə düşünməkdə üzrlü sayıldığı təqdirdə, cəzaya layiq olmasa da, real olaraq haram iş görmüş olar.

3. Müctəhidlərin hicri-qəməri ayının başlanması xüsusunda müəyyən etdikləri əsaslardakı fərqliliyə görə bu ayların əvvəlində ixtilafın yaranması qaçılmazdır və buna görə də hər bir mükəlləf öz təqlid etdiyi müctəhidin rəyinə uyğun əməl etməlidir. Belə olduqda heç bir çətinlik və xoşagəlməz hallar meydana çıxmaz və ata bayram etdiyi halda, oğulun oruc tutmasının da heç bir eybi yoxdur, çünki hərə öz müctəhidinin fətvasına uyğun əməl edir.

4. Hörmətli Seyid (kölgəsi üstümüzdən əskik olmasın!) ayı görmək məsələsində yalnız dəlillərin tələb etdiyi qədər ehtiyat edir və o, fətva verməyin də, ehtiyat etməyin də məqamını (vaxtını və yerini) daha yaxşı bilir. Əgər sizin ürəyinizdən istəyinizə uyğun fətva verən və ehtiyat edən birinə təqlid etmək keçirsə, onda möhtərəm Seyiddən qeyrisinə təqlid edin.