Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının “Koronavirus” ilə bağlı fətvası

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

“Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali məqamlı mərcəyi təqlid müctəhidin mövqeyindən xəbərdarıq. Hal-hazırda Seyid cənablarına (kölgəsi əskik olmasın!) cavablandırması üçün ünvanlandırdığımız bir neçə sualımız var:

Sual 1: Epidemiyaya yoluxduğu ehtimal olunan şəxslərlə əl verib görüşmək və ya qucaqlaşmaq, yaxud öpüşmək kimi təmaslardan çəkinmək vacibdirmi? Onlarla, qoruyucu tibbi maskalar geyinmə və bu kimi ehtiyat tədbirləri görmədən təmasa keçmək, icazələdirmi?

Cavab 1: Rəhmli, mərhəmətli Allahın adı ilə!
Hər kim təmasa keçmə və ya qaynayıb-qarışma nəticəsində infeksiyaya yoluxmaqdan qorxarsa, belə ki, (qeyd olunan yoluxma ilə) o, ölməsə də, lakin nəzərəçarpacaq zərərə düşəcəksə, (bu halda təmas və ya qaynayıb-qarışmadan) çəkinməlidir. Amma sterilizə etmə, tibbi maska və əlcək geyinmə kimi zəruri ehtiyat tədbirləri gördükdən sonra təmas nəticəsində xəstəliyə yoluxmayacağından əmin olarsa, (təmasdan) çəkinməsi lazım deyil. Əgər qeyd olunanlara riayət etməyib qorxduğu (xəstəliyə) yoluxarsa, şəriət baxımından üzrlü sayılmaz.

Sual 2: Qeyd olunan xəstəliyə yoluxan, yaxud bəzi yoluxma əlamətləri olan şəxsin, onun bu vəziyyətindən xəbərsiz olan insanlarla qaynayıb-qarışması, icazəlidirmi? Əgər bunu edərsə və infeksiya ətrafdakılara keçərsə, həmin şəxs onların qarşısında hansı məsuliyyəti daşıyır?

Cavab 2: İnfeksiyanın başqalarına keçəcəyi ehtimalı olduğu təqdirdə, onun başqaları ilə qaynayıb-qarışması, icazəli deyil. Əgər bunu edib vəziyyətindən xəbərsiz olan şəxsi yoluxdurarsa, bu halda qarşı tərəfə ötürdüyünə (zərərə) zamindir (cavabdehdir). Belə ki, həmin şəxs yoluxma nəticəsində ölərsə, diyəsi (qan bahası) ona (xəstəliyi yoluxdurana) vacib olar.

Sual 3: Virusun yayıldığı ölkədən öz ölkəsinə qayıdan və ya yoluxmuş bəzi insanlarla təmas edən şəxsin ev karantininə riayət etməsi, yaxud xəstəliyə yoluxub-yoluxmadığını dəqiqləşdirməsi üçün tibbi müayinədən keçməsi vacibdirmi?

Cavab 3: Bəli, aidiyyəti orqanların bununla bağlı verdiyi qərarlara riayət etmək lazımdır.

Sual 4: Xəstəliyə yoluxmuş insanlardan infeksiyanın başqalarına keçməsinin qarşısını almaq məqsədilə tibbi əlcəklər, maskalar, sterilizəyə gərəkən maddələr və bu kimi digər zəruri preparatların alınması üçün zəkat və xüms kimi şəriət ödənişlərindən xərcləmək, icazəlidirmi? Belə ki, məlum virusla mübarizədə qeyd olunan ləvazimatlara böyük ehtiyac vardır.

Cavab 4: Gərəkən şəriət qaydalaraına riayət etmək şərtilə, zəkatın “Allah yolunda” olan qismindən və xümsün isə İmam (ə) payından xərcləməyin, maneəsi yoxdur.

Sual 5: Məlum təhlükəli epidemiya ilə qarşılaşan möminlərə tövsiyəniz nədir?

Cavab 5: Dəyərli möminlərə (Allah onları qorusun!) tövsiyəmiz budur:

a) Uca Allaha sığınıb bu bəlanı dəf etməsi üçün Ona yalvarsınlar. Kasıblara sədəqə versinlər, zəyiflərə kömək etsinlər, Quran-kərimi tilavət etsinlər, həzrət Peyğəmbər (s) və pak Əhli-beytindən (ə) nəql olunan duaları çox oxusunlar.

b) Epidemiyadan, heç bir həyəcan və təşvişə düşmədən, onun malik olduğu təhlükə miqdarında ehtiyat edin. Müalicə və profilaktik tədbirləri qeyri-elmi metodlarla deyil, mütəxəssislərin qərar verdikləri göstərişlərə uyğun şəkildə həyata keçirin.

c) Ətrafdakıları məlum virusun təhlükələrini yüngül hesab etməmək və onları aidiyyəti orqanların verdiyi qaydalara riayət edib müxalif olmamaları barədə maarifləndirin.

d) İş yerlərinin bağlanması və insanların hərəkətinin məhdudlaşması nəticəsində zərərlə üzləşmiş ailələrə yardım edin.

e) Din və məzhəb mənsubiyyətindən asılı olmayaraq, bütün zərərçəkənlərə qayğı göstərib ehtiyac duyduqları işlərdə onlara yardım etməyə çalışın.

Allah hamını bütün pislik və bəlalardan qorusun!

Ayətullah Uzma Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası

27 Rəcəb 1441

23 Mart 2020