“İmam Hüseyni (ə) şiələr qətlə yetirmişlər” – şübhəsinə rəddiyyə

Bəzi insanların tərəddüdlə yanaşdıqları belə bir sual var: “İmam Hüseyni (ə) şiələr qətlə yetirmişlər. Həqiqətənmi, onlar şiələr idilər? Bəlkə onlar, tam başqa bir dəstə olublar? Onlar Əhli-beyt (ə) davamçıları olub sonradan yollarını azmışdılarmı?”
Ali-məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasının nəzdində fəaliyyət göstərən “İdealoji araşdırmalar mərkəzi”-nin elektron portalına ünvanlanmış belə bir suala cavab verilmişdir.
Cavab: Əslində, “İmam Hüseyni (ə) şiələr qətlə yetirmişlər”- fikri, qəlbində şiə məzhəbinə qarşı nifrət bəsləyib ona arxadan zərbə vurmaq istəyənlərin yaydıqları şübhədir.
Reallıq isə, bunun tam əksidir. İmam Hüseyni (ə) qətlə yetirənlər Əbu Süfyan ailəsinin şiələri (tərəfdarları) idilər. İmam Hüseynin (ə) Aşura günü qarşı tərəfə etdiyi bu müraciət deyilənin sübutudur: “Vay halınıza, ey Əbu Süfyan ailəsinin şiələri (tərəfdarları), əgər dininiz yoxdursa və Qiyamət günündən qorxmursunuzsa, bu dünyanızda azad olun və iddia etdiyiniz kimi ərəbsinizsə, əsil-kökünüzə qayıdın.” (“Əyanuş-şiə” 1/609)
“Rical” alimlərindən heç kim öz kitabında Ömər bin Səd, Şəbəs bin Rəbi və Hüseyn bin Nümeyr kimi imam Hüseyni (ə) qətlə yetirən şəxsləri şiə olaraq qeyd etməmişlər. Əksinə, mövcud mətnlər adları qeyd olunan şəxslərin müsəlman icmasına mənsub olduqlarına dəlalət edir.
Onların vaxtilə möminlərin əmiri imam Əlinin (ə) tabeliyində olmaları, şiə olduqlarına dəlalət etmir. Çünki imam Əlinin (ə) arxasında namaz qılan, yaxud onun ordusunda döyüşən şəxsin şiə olması zəruri deyil. İmam Əli (ə) müsəlmanların dördüncü xəlifəsi hesab olunurdu. Hamı onu məsum və Peyğəmbərdən (s) sonra birbaşa xəlifə deyil, məhz dördüncü xəlifə olaraq qəbul etmişdi.
Onların imam Hüseynə (ə) məktub göndərib Kufəyə dəvət etmələri, heç də şiə olmalarına dəlalət etmir. Çünki onlar imam Hüseyni (ə) Peyğəmbərin (s) səhabəsi və nəvəsi olaraq xilafət və rəhbərlik üçün daha uyğun namizəd hesab edirdilər. Onların nəzərində imam Hüseyn (ə) on iki imamdan (ə) biri, yaxud məsum və ya xilafət məqamına başqalarından daha layiq şəxs deyildi.
Üstəlik, onların Aşura günü imam Hüseyn (ə) və məiyyətinə qarşı, suyun önünü kəsmək kimi rəftarları şiə olmadıqlarına dəlalət edirdi. Bureyr Həmdani onlara xitab edərək dedi: “Bu, Fəratın suyudur. Ora qara donuzlar və itlər girir. Amma ondan Peyğəmbər (s) övladının içməsinə icazə vermirlər.” Onlar Bureyrə dedilər: “Ey Bureyr, çox danışdın. Sus! And olsun Allaha ki, Hüseyn ondan əvvəl susuz qalan şəxs kimi (onlar bununla Osman bin Əffanı nəzərdə tuturdular) susuz qalacaq. Məgər bu bir şiənin cavabıdır?!”
Qeyd etmək lazımdır ki, şiələr Kufədəki əhalinin yeddidə birini təşkil etməklə on beş min nəfər idilər. Tarix onların on iki min nəfərinin həbs olunduğunu, bəzilərinin edam edildiyini, bəzilərinin Mosul və Xorasana köçürüldüyünü, bəzilərinin sürgün edildiyini və “Bəni Qazirə” qəbiləsi kimi bir qisminin də imam Hüseynə (ə) qoşulmalarının qarşısının alındığını qeyd etmişdir. Kufə əhalisinin yalnız, az bir qismi imam Hüseynə (ə) qoşula bilmişdir.
Demək, imam Hüseyni (ə) Kufənin şiələri qətlə yetirməyib. Əksinə, imam Hüseyni (ə) Kufənin başqa millət və məzhəbdən olan əhalisi qətlə yetirmişdir.
Doğrudur, şiələrin çoxu Kufədə yaşayırdı. Amma şiələr orada çoxluq təşkil etmirdilər. Aşağıda qeyd olunan tarixi hadisələr şiələrin Kufədə azlıq təşkil etdiyinin sübutudur:
- Bütün tarix kitablarında qeyd olunub ki, imam Əli (ə) xəlifə olduqdan sonra “Təravih” namazını dəyişmək istədikdə, insanlar məsciddə ona etiraz edirək “Vay olsun, Ömərin sünnəsi aradan gedir!”-deyə, səs-küy saldılar.
- İslam fiqh elmində əgər “bu kufəlilərin rəyidir”- deyilərsə, həmin rəyin “Cəfəri” məzhəbindən olan şiələrə deyil, əhli-sünnənin “Hənəfi” məzhəbinə aid olduğu anlaşılar.
Daha çox məlumat əldə etmək üçün mərhum Möhsün Əminin “Əyanuş-şiə” kitabında (1/585) qeyd etdiyi sözləri diqqətinizə çatdırırıq: “Allah iraq etsin ki, imam Hüseyni (ə) şiələr qətlə yetirmiş olsun! Əksinə, İmamı (ə) öldürənlərin bəzisi din ilə heç bir əlaqəsi olmayan tamahkarlar, bəzisi alçaq və əclaf xislətlilər, bəziləri isə öz başçılarına tabe olanlar idi. Həmin başçılar onları dünya sevgisinə görə döyüşə aparmışdılar. Onların arasında bir nəfər də olsun imam Hüseynin (ə) şiə və sevənlərindən yox idi.
İmam Hüseynin (ə) sədaqətli şiələri (tərəfdarları) ona yardım etdilər və İmamı (ə) yalnız, onlar öldürüldükdən sonra qətlə yetirdilər. Onlar həyatlarının sonuna qədər var gücləri ilə İmama (ə) yardım etdilər. Onların bəzisi İmama (ə) yardım edə bilmədilər və yaxud işin bu sonluqla bitəcəyini gözləmirdilər. Başqa bir qismi özünü təhlükəyə ataraq İbn Ziyadın Kufə ətrafında düzənlədiyi mühasirə səddini yararaq İmamın (ə) yardımına gəlib onunla birgə şəhid oldular. Amma imam Hüseynin (ə) şiə və sevənlərindən heç kim ona qarşı döyüşməyib. Məgər kimsə İmamın (ə) sədaqətli şiələrinin bu qədər çox olduğunu düşünə bilərmi?! Xeyir, hər zaman haqq tərəfdarları çox az olmuşlar və açıq-aşkar tanınmışlar. Allah – təala buyurur: “Bəndələrimdən şükür edəni azdır.” (Səbə/13)
Kufə əhalisindən olan şiələrin iki qisim olmasını da söyləmək olar:
1. Xüsusi məna kəsb edən şiələr. Onlar “təvəlla” və “təbərra” prinsipinə etiqad bəsləyirdilər. Onlar imam Hüseyn (ə) ilə döyüşən Ömər bin Sədin ordusunda yer almamışdılar. Əksinə, onlar ya İmam (ə) ilə şəhid oldular, ya zindana salındılar, ya da İmamın (ə) şəhadətindən sonra Kərbəlaya yetişdilər.
2. Ümumi məna kəsb edən şiələr. Onlar Əhli-beyti (ə) sevirdilər. Belə ki, onlar “təbərra” deyil, yalnız “təvəlla” prinsipinə etiqad bəsləyirdilər. Onların dini mətnlərə əsasən imamətin İlahi mənsəb olduğuna etiqadları yox idi. Məhz buna görə onlar, ilk əvvəl imam Hüseynə (ə) beyət etdilər, sonra isə beyətlərini sındırıb Ömər bin Sədin ordusuna qoşuldular.
Tarix kitablarında Kufə əhalisini məzəmmət edən mətnlər, məhz ümumi mənanı kəsb edən şiələri nəzərdə tutur. Onlar inkarsız şiələr idilər. Onlar şiəliyin təməl prinsipi sayılan imamətin İlahi mənsəb olduğuna etiqad bəsləmirdilər.