Haram səfər

Sual: Səfər etmək haram olduğu halda müsəlman şəxsin səfərə çıxmasının hökmü nədir?

Cavab: Əgər müsəlman şəxsə səfər etmək haram olarsa, onun səfəri günah səfəridir. Buna görə də dörd rükətli namazları tamam qılmalı, Ramazan ayının orucunu tutmalıdır. Günahkar olduğu müddətdə (səfər günah məqsədi daşıdığı müddətdə) namazlarını qəsr qılmağa və oruc tutmamağa haqqı yoxdur.

Sual: Valideyinləri səfər etməsinə maneə olduğu halda, övladın onların sözündən çıxması icazəlidirmi?

Cavab: Əgər səfər etmək valideyinlərin narahat olmasına səbəb olarsa və ya övladlarına olan şəfqətə görə səfər etməsini istəmirlərsə, həmçinin, onlara əziyyət verməyin haram olmasından daha üstün şəri bir səbəb yoxdursa övladın valideyinlərinin sözündən çıxması icazəli deyil.

Sual: Həcc əməllərini yerinə yetirmək üçün imkanı olan və həcc üçün səfər edəcəyinə əmin olan şəxs həcc mövsümünə kimi malını qoruması vacibdirmi? Həmin məbləği başqa səfər üçün xərcləməsi haramdırmı və bu, günah səfər sayılırmı?

Cavab: Sualda qeyd olunana əsasən, həmin şəxs müstəti hesab olunur və malını qoruyub saxlamaq ona vacibdir. Həmin məbləği başqa məqsəd üçün sərf etməsi, icazəli deyil. Əgər həcc ona vacib olmasın deyə həmin məbləği başqa bir səfərə sərf edərsə, onun səfəri günah səfər hesab olunar. Amma başqa bir mal ilə həcc əməllərini yerinə yetirməyə imkanı varsa – hətta, ehtimal olsa belə – əlində olan malı xərcləməsinin heç bir maneəsi yoxdur.

Sual: Əgər səfər öz-özlüyündə haram olarsa, namazın hökmü nədir?

Cavab: Əgər səfər öz-özlüyündə haram olarsa və ya səfərə çıxmaqdan məqsədi haram bir əməl olarsa, namazlarını tamam qılmalıdır. Məsələn, borcu qaytarmaq vacib olduğu halda borcunu ödəməkdən yayınmaq məqsədi ilə səfərə çıxmaq kimi vacib bir əməli tərk etmək, həmçinin sahibindən qaçmaq məqsədi ilə qəsb olunmuş nəqliyyat vasitəsində səfər etmək, yaxud qəsb olunmuş ərazidə səfər etmək bu qəbildəndir.

Sual: Mubah məqsəd üçün səfərə çıxan, lakin sonradan məqsədini harama dəyişən şəxsin hökmü nədir?

Cavab: Mubah məqsəd üçün səfərə çıxan şəxs sonradan məqsədini harama dəyişərsə, günah niyyətində olduğu müddətcə namazlarını tamam qılmalıdır. Əgər günah niyyətdən dönərsə, səfərin qalan hissəsi istər şəri məsafə qədər olsun, istərsə də olmasın namazlarını qəsr qılmalıdır.