Cəbirə (sarğı)

Sual: Əgər əl barmaqlarından biri yaralanarsa və parça ilə sarğı qoyulsa, dəstəmaz necə yerinə yetriliməlidir? Bu da məlumdur ki, həkim yaranın su ilə təmas edilməməsini xəbərdarlıq edib.

Cavab: Əgər cəbirə (sarğı) pakdırsa, ondan əvvəl olan hissə yuylmalı, onun üzərinə rütubətlə məsh çəkilməli və ondan sonrakı hissə də yuyulmalıdır.

Sual: Mənim sol ayağımda sınıq baş verib. Dəstəmaz alarkən necə məsh çəkməliyəm?

Cavab: Dəstəmazın əldəki rütubəti ilə sarğının üzərindən məsh çəkəcəksən.

Sual: Cənabət qüslü yerinə yetirməsi vacib olan şəxsin çiynində sınıq olduğu üçün qüsl verə bilmirsə nə etməlidir?

Cavab: Cəbirə qüslü verməlidir.

Sual: Cəbirə nəyə deyilir?

Cavab: Bədən üzvündə sınıq və ya yara baş verdikdə həmin üzvün üzərinə qoyulan gips və ya sarğı cəbirə adlanır. Daha geniş məlumat üçün “İzahlı şəriət məsələləri” kitabına müraciət edə bilərsiniz.

Sual: Bəzən sarğının üzəri murdar olur. Onun üzərindən məsh çəkmək yetərlidirmi?

Cavab: Bu, yetərli deyil. Əgər dəyişmək və ya üzərinə sarğının bir hissəsi hesab olunacaq pak parça kimi bir şey qoymaq mümkündürsə, belə etmək vacibdir. Əks təqdirdə isə, yalnız yaranın ətrafını yumaq kifayət edər.

Sual: Sağ əlimdə sınıq baş verdi. Biləkdən barmaqlarımın ucuna kimi sarğı qoyuldu. Sualım bundan ibarətdir ki, sağ ayağımın üzərinə sol əlimlə məsh çəkə bilərəmmi?

Cavab: Cəbirənin üzərinə dəstəmaz suyu ilə məsh çəkdikdən sonra baş və ayaqlarının hər ikisinin üzərinə sol əl ilə məsh çəkməlisən.

Sual: Sizin “İzahlı şəriət məsələləri” kitabınızda belə yazılıb: “Əgər sarğı murdardırsa və həddindən artıq böyük deyilsə, onu paklamaq və ya dəyişmək üçün açmaq mümkün olmasa, üzərindən mash çəkmək vacibdir”. Sual bundan ibarətdir; cəbirənin üzərindən rütubətlə məsh çəkmək vacibdir? Əgər rütubətlə məsh çəkilərsə əl murdar olar. Əgər murdar cəbirə sol əldə olarsa, (sağ əllə onun üzərin məsh çəkdikdən sonra) başa necə məsh çəkiləcək ?

Cavab: Orada sizin dediyiniz kimi deyil, “əgər üzərinə pak bir parça qoymaqla belə murdar cəbirəni paklamaq və ya dəyişmək mümükün olmasa, ətrafını yumaqla kifayətlənmək lazımdır.” qeyd olunub.

Sual: Əzilmə nəticəsində dəri altında olan qan laxtalanmaları cəbirənin hökmündədirmi? Yanıqlar yara kimi hesab olunurmu?

Cavab: Əzilmə nəticisində dəri altında olan qan laxtasına gəlincə; əgər açıq olarsa, lakin suyun zərəri yoxdursa, təyəmmüm yerinə yetirilməlidir. Əgər dərman preparatları ilə bağlı olarsa, cəbirə dəstəmazı almaq kifayət edər. Həmçinin yanıq yara hesab olunmasa, onun da hökmü belədir.

Sual: Dəstəmaz üzvlərinin bəzi hissələrində yara olan şəxsin hökmü cəbirə üzərindən məsh çəkmək olduqda əl ilə məsh çəkmək şərtdir, yoxsa süngər kimi bir əşya ilə məsh çəkmək olar?

Cavab: Əgər cəbirə yuyulan üzvün üzərindədirsə, hər hansı bir şeylə məsh çəkmək yetərlidir. Amma məsh çəkilən üzvün üzərindədirsə, məshin əldə qalan rütubətlə çəkilməsi vacibdir.

Sual: Cəbirənin şərtləri hansıdır?

Cavab: Cəbirədə iki şərti var:

1) Zahiri pak olmalıdır. Cəbirə murdar olarsa və üzərinə məsh çəkmək mümkün deyilsə, əgər üzərinə cəbirənin bir hissəsi hesab olunacağı halda parça kimi bir şey qoymaqla olsa belə, onu pak etmək və ya dəyişmək mümkündürsə, belə etmək vacibdir. Onun üzərindən məsh çəkib ətrafını yumaq lazımdır. Əgər mümkün olmasa ətrafını yumaqla kifayətlənmək lazımdır. Bu, cəbirənin yaradan daha çox miqdarda olan hissəni əhatə etmədiyi haldadır. Əgər cəbirə həddindən artıq böyük olarsa, onu açmaq mümkündürsə, açıb lazımı yerləri yuduqda sonra üzərinə pak sarğı qoyub və ya həmin sarğını pak edib üzərindən məsh çəkmək lazımdır. Əgər yaraya zərər verdiyi üçün sarğını açmaq mümkün olmasa, onun üzərindən məsh çəkilməlidir. Əgər sağlam üzvə zərər vermək kimi başqa səbəbdən yaranı açmaq mümkün olmasa, sarğı təyəmmüm üzvlərinin üzərində olmasa, təyəmmüm etmək vacibdir. Əks təqdirdə isə, vacib ehtiyata əsasən, həm dəstəmaz, həm də təyəmmüm yerinə yetirilməlidir.

2) Cəbirə mubah olmalıdır. Əgər mubah olmasa, onun üzərindən məsh çəkmək icazəli deyil. Əgər məsh çəkərsə, vacib ehtiyata əsasən, dəstəmazı düzgün deyil.

Sual: Cəbirənin üzərindən hansı hallarda məsh çəkmək icazəlidir?

Cavab: Cəbirənin üzərindən aşağıdakı hallarda məsh çəkmək icazəlidir.

1) Bədən üzvündə sınıq, kəsik və yara olarsa. Əgər həmin üzvü yumaq və ya hər hansı səbəbə görə məsh çəkmək mümkün olmasa, məsələn, aradan aparılması mümkün olmayan murdar və ya suyun istifadəsinin zərəri olarsa, yaxud qır kimi məşşəqqət olmadan təmizləyə bilmədiyi bir şey yapışarsa, bütün bu hallarda cəbirə hökmü icra olunmaz və təyəmmüm etmək vacibdir. Lakin bədən üzvünə yapışan dərmandırsa cəbirə hökmü icra olunmalıdır. Əgər bədən üzvünə dərmandan başqa bir şey yapışarsa və təyəmmüm üzvlərinin (əllər və alında) üzərində olarsa, həm dəstəmaz, həm də təyəmmüm yerinə yetirilməlidir.

2) Cəbirə (sarğı) bədən üzvünü həddindən artıq əhatə etməməlidir. Əks təqdirdə sarğının əlavə hissəsi açılmalı və bədən üzvünün sağlam hissəsi yuyulan üzvdürsə yuyulmalı, məsh çəkilən üzvdürsə məsh çəkilməlidir. Əgər sarğını açmaq mümkün olmasa və ya həddindən artıq məşəqqətli olarsa, yaxud sağlam üzvə zərər edərsə, dəstəmaz hökmdən düşər və təyəmmüm etmək vacib olar. Bir şərtlə ki, sarğı təyəmmüm üzvlərinin üzərində olmasın. Əgər sarğı təyəmmüm üzvlərinin üzərində olarsa, vacib ehtiyata əsasən, həm dəstəmaz, həm də təyəmmüm yerinə yetirilməlidir. Əgər sarğını açıb bədən üzvünün sağlam hissəsini yumaq və ya üzərindən məsh çəkmək yaraya zərər edərsə, dəstəmaz hökmdən düşməz. Bu halda dəstəmaz almalı və cəbirənin üzərindən məsh çəkməlidir.

2) Yara və ya sınıq dəstəmaz üzvlərinin üzərində olsun. Əgər başqa üzvdə yara olarsa və dəstəmaz almaq ona zərər edərsə, təyəmmüm yerinə yetirmək vacibdir. Həmçinin yara və ya sınıq dəstəmaz üzvlərinin müəyyən hissəsində olsa, lakin təsadüfən həmin üzvün başqa hissəsinə su zərər edərsə, hökm eynidir. Məsələn, barmağında yara olsa, lakin eyni zamanda dirsəyinə su zərər edərsə, bu kimi hallarda təyəmmüm vacib olar.

Sual: Cəbirənin və ya yaranın üzərindən məsh çəkərkən yuxarıdan aşağıya məsh çəkmək şərtdirmi?

Cavab: Bəli, vacibdir. Əgər cəbirə üzdə olarsa, vacib ehtiyata əsasən, yaranın ətrafını yuyarkən yuxarıdan aşağıya doğru yumağa riayət etmək vacibdir.

Sual: Bəzən cəbirənin (sarğının) üzəri murdar olduğu üçün onun üzərindən məsh çəkmək kifayət edərmi?

Cavab: Kifayət etməz. Əgər sarğını dəyişmək və ya üzərinə onun bir hissəsi sayılacaq parça kimi pak bir şey qoymaq mümkündürsə, belə edilməsi vacibdir. Əks təqdirdə isə, yalnız sarğının ətrafını yumalıdır.

Sual: Üzərində sarğı olmayan yara cəbirə hökmünü daşıyırmı?

Cavab: Yalnız yaranın ətrafını yumaqla kifayətlənmək lazımdır.

Sual: Sol əlimdə sınıq baş verdi. Ovcumun yarısından biləyimə qədər sarğı sarıdım. Aşağıdakı hallarda necə etməliyəm:

1) Sol və sağ əlimi necə yumalıyam? Hamamda çimərkən (qüsl verərkən) cəbirənin üzərindən suyun ona təmas etməməsi və zərər verməməsi üçün plastik maniə qoyuram.

2) Qüsl alarkən cəbirənin üzərindən məsh çəkmək vacibdirmi? Əgər vacibdirsə, hökmü bilmədiyimə görə bunu etmədiyim üçün qıldığım namazların hökmü nədir?

Cavab:

1) Sağ əlini krantın altında yuya bilərsən. Yuylan üzvün üzərindən əl ilə məsh çəkmək vacib deyil. Sonra (sol əli yuyarkən) gipsin üzərindən yüngülcə məsh çəkirsən və əlin qalan hissəsinə məsh çəkməklə də olsa azacıq su axıdırsan. Sağ əl ilə başa və hər iki ayağa məsh çəməyin icazəlidir.

2) Bəli, vacibdir. Namazlarının qəzasını qılmaq vacibdir.

Sual: Sağ əlim yaralalanıb və həkim sudan istifadə etməyi qadağan edib. Necə dəstəmaz almalıyam?

Cavab: Əgər yaranın üzərində cəbirə (sarğı) yoxdursa, yəni yara açıqdırsa, yaranın ətrafını yumaq vacibdir. Əgər üzərində cəbirə varsa, sarğının ətrafı yuyulmalı və vacib ehtiyata əsasən, üzərindən də məsh çəkilməlidir. Cəbirənin ətrafını yumaq məsh çəkməyi əvəz etmir.

Sual: Əgər əlimdə kiçik bir yara varsa və yaradan qan axırsa, namaz vaxtı da gəlib çatıbsa, mənim tələsik işim olduğu üçün qanın dayanmasını gözləməyə vaxtım olmasa, bu halda cəbirə dəstəmazı ala bilərəmmi?

Cavab: Bu halda cəbirə dəstamazı düzgün deyil. Əlini krant suyunda yuyarkən həmin yeri sıxmaqla qanın axmasının qarşısını ala bilərsən. Su yaranın üzərindən keçdikdən sonra qanın çıxmasının, hətta çox olsa da, heç bir zərəri yoxdur.

Sual: Yaralı olan bədən üzvünə su zərər edəcəyini güman edən şəxs cəbirənin üzərinə məsh çəkdikdən sonra əslində suyun zərərli olmayacağı ona məlum olarsa nə etmək lazımdır?

Cavab: Əgər yaralı olan bədən üzvünə suyun zərər edəcəyini güman edib cəbirənin üzərindən məsh çəkərsə, zahirə əsasən, dəstəmazı düzgündür. Amma zərərli olmayacağını güman edib yuduqdan sonra əslində suyun zərərli və onun vəzifəsi cəbirə dəstəmaz almaq olduğu məlum olarsa, vacib ehtiyata əsasən, yenidən dəstəmaz almalıdır. Həmçinin suyun zərər edəcəyini güman etdiyi halda cəbirə hökmünə əməl etməyərək dəstəmaz aldıqdan sonra əslində suyun zərərli olmadığı və vəzifəsinin dərini yumaq olması məlum olarsa, hökm eynidir. (Yəni vacib ehtiyata əsasən,  yenidən dəstəmaz almalıdır). Lakin bədən üzvündə yara və ya sınıq olmasını güman etdiyi üçün suyun ona zərərli olacağını düşünüb cəbirə hökmünə əməl etdikdən sonra bədən üzvünün sağlam olması məlum olarsa, zahirə əsasən, dəstəmazı batildir.

Sual: Həyat yoldaşımın əlləri dəmirov olduğuna həkimə getdikdə onun müalicəsi üçün xüsusi krem tövsiyə etdi. Həmin krem dəri üzərində təbəqə yaradır. Sonra o, əllərini tibbi yapışqanla bir neçə dəfə sarıyıb üç gün gözləməlidir. Üç gündən sonra isə yapışqanı açmalı və kremdən yaranan təbəqəni təmizləyib yenə prosesi növbəti üç gün yerinə yetirməlidir. Beləcə bu proses iki həftə davam etməlidir. Sualım bundan ibarətdir: Həyat yoldaşım əlində krem və sarğı olduğu halda dəstəmaz ala bilərmi? Əgər bu halda dəstəmaz batildirsə, Sizin bu məsələdə rəyiniz nədir?

Cavab: Onun vəzifəsi cəbirə dəstəmazı almaqdır. Lakin cəbirə olan üzvü yumamalı, əvəzinə cəbirənin üzərindən məsh çəkməlidir.

Sual: Bədən üzvündə cəbirə (sarğı) olan şəxsin namazı əvvəl vaxtında qılması icazəlidirmi? (Yəni namazın son vaxtınadək yaranın sağalması və sarğının açılaraq dəstəmaz almasını gözləmək vacibdirmi?)

Cavab: Bədən üzvündə cəbirə olan şəxsin namazı əvvəl vaxtında qılması icazəlidir. Hətta vaxt daxilində üzürlü səbəb aradan gedərsə (məsələn, yara sağalarsa), namazı yenidən qılmaq vacib deyil.

Sual: Cəbirənin (sarğının) açılması namazın vaxtının çıxması ilə nəticələnəcəksə nə etmək lazımdır?

Cavab: Əgər cəbirəni açıb həmin yeri yumaq mümkün olarsa, belə etmək vacibdir. Vaxt çıxacağı halda isə təyəmmüm etmək vacibdir.

Sual: Cəbirənin namazda geyilməsi icazəli olan materialdan olması şərtdirmi?

Cavab: Cəbirənin namazda geyilməsi icazəli olan materialdan olması şərt deyil. Əgər ipək, qızıl və ya əti yeyilməyən heyvanın hissələrindən olarsa bunun dəstəmaza heç bir zərəri yoxdur. Qeyd edildiyi kimi cəbirənin zahirinin murdar və ya qəsb edilmiş olması dəstəmaz almağa maneə yaradır.

Sual: Cəbirənin daxili murdar olmasının hökmü nədir?

Cavab: Əgər cəbirənin zahiri pakdırsa, onun daxilinin murdar olmasının heç bir zərəri yoxdur.

Sual: Murdar olan və üzərinə məsh çəkmək mümkün olmayan cəbirənin hökmü nədir?

Cavab: Cəbirə murdardırsa və üzərinə məsh çəkmək mümkün deyilsə, əgər üzərinə cəbirənin bir hissəsi hesab olunacağı halda parça kimi bir şey qoymaqla olsa belə, onu pak etmək və ya dəyişmək olarsa, belə etmək vacibdir. Onun üzərindən məsh çəkib ətrafını yumaq lazımdır. Əgər mümkün olmasa ətrafını yumaqla kifayətlənmək lazımdır. Bu, cəbirənin yaradan daha çox miqdarda olan hissəni əhatə etmədiyi haldadır. Əgər cəbirə həddindən artıq böyük olarsa, onu açmaq mümkündürsə, açıb lazımı yerləri yuduqdan sonra üzərinə pak sarğı qoyub və ya həmin sarğını pak edib üzərindən məsh çəkmək lazımdır. Əgər yaraya zərər verdiyi üçün sarğını açmaq mümkün olmasa, onun üzərindən məsh çəkilməlidir. Əgər sağlam üzvə zərər vermək kimi başqa səbəbdən yaranı açmaq mümkün olmasa, sarğı təyəmmüm üzvlərinin üzərində olmadığı halda, təyəmmüm etmək vacibdir. Əks təqdirdə isə, vacib ehtiyata əsasən, həm dəstəmaz, həm də təyəmmüm yerinə yetirilməlidir.

Sual: Gözlərində ağrı olan şəxsə su istifadəsi zərər edərsə, hökmü nədir?

Cavab: Əgər göz ağrısı olan şəxsə mütləq surətdə su istifadəsi zərər edirsə, təyəmmüm etməlidir. Əgər gözlərinin ətrafını yumaq mümkündürsə, vacib ehtiyata əsasən, həm dəstəmaz almalı, həm də təyəmmüm etməlidir. Bu o haldadır ki, gözlər dərmanla bağlı olmasın. Əks təqdirdə, cəbirə dəstəmazı almaq vacibdir.

Sual: Cəbirə bağlamış şəxsin yarası sağalarsa və namaz vaxtı dar olarsa, nə etməlidir? 

Cavab: Cəbirə bağlamış şəxs namaz üçün dar bir vaxtda sağalarsa - istər dəstəmaz əsnasında sağalsın, istərsə də dəstəmaz aldıqdan sonra - cəbirə dəstəmazı almalıdır. Sonrakı namazlar üçün yenidən dəstamaz alması vacib deyil. Amma cəbirə dəstəmazı ilə yanaşı təyəmmüm etməyin vacib olduğu məqamlarda isə başqa əməllər üçün yenidən dəstəmaz almalıdır. Həmçinin namaz üçün vaxt geniş olduğu təqdirdə dəstəmaz aldıqdan sonra sağalarsa hökm yuxarıda qeyd etdiyimiz kimidir. Amma (vaxt geniş olduğu təqdirdə isə) dəstəmaz əsnasında sağalarsa, dəstəmazı yenidən yerinə yetirməli və ya müvalat (fasiləsizlik) aradan getməyəcəyi halda məsh etdiyi cəbirənin altındakı dərini yumalıdır.

Sual: Əgər bir üzvdə bir neçə cəbirə olarsa nə etmək lazımdır?

Cavab: Əgər bir üzvdə bir neçə cəbirə varsa onların arasını yumaq və ya üzərindən məsh çəkmək vacibdir.

Sual: Qan alınan (venadan qan aldıqda və ya hicamət etdirdikdə) yeri yumaq zərər verirsə, cəbirə dəstəmazı almaq vacibdirmi?

Cavab: Qan alınan yer, yara hesab olunur. Əgər həmin yeri yumaq zərərlidirsə, onun üzərindəki plastır həddindən artıq böyük olmasa, üzərindən məsh çəkmək yetərlidir. Əks təqdirdə, yaradan əlavə olan yerlər açılmalı, yuyulmalı sonra isə bağlanmalıdır. Əgər həmin yeri yumaq mümkün olmazsa - zərər baxımından deyil, məsələn, qanın kəsilməməsinə görə - təyəmmüm yerinə yetirmək vacibdir. Bu halda, cəbirə hökmü icra olunmur.